ABİ DEDİK, BAĞRIMIZA BASDIQ...
... Amma indi aramıza girənlər var
Xalid KAZIMLI
Türkiyə-Ermənistan sərhədinin açılması sual altındaykən, ölkəmizdə qəribə, həm də anormal bir proses gedir: Azərbaycan-Türkiyə sərhədi bağlanır.
Son günlər məmləkətimizdə baş verən siyasi hadisələri başqa cür qiymətləndirmək mümkün deyil.
İstər Bakıdakı türk camesinin bağlanması, istərsə də Türkiyəyə indiyəcən ucuz qiymətə satdığımız qazın qiymətinin artırılması, eləcə də hamıdan çox Anadolu insanı üçün həyati vacib olan “Nabukko” qaz kəməri layihəsindən imtinamız Türkiyə-Azərbaycan dostluğuna zərbədir.
Bu, yanlışdır və tənqid olunası haldır. Diqqətli oxucu xatırlayar ki, sərhəd məsələsi mövzusunda biz bu günə qədər Türkiyə iqtidarını eninə-uzununa tənqid etdik. Bəzən onlar tənqidlərimizin şiddətinə zorla tab gətirir, cırnayır, hətta Azərbaycanda onları tənqid edənlərin “Ergenekon”çu olduqlarını bəyan edirdilər.
Son həftələr elə bir gün olmadı ki, türk mediası qəzetimizin ayrı-ayrı materiallarına istinad etməsin, baş redaktorumuzu canlı yayımda danışdırmasınlar. Arkadaşlar yazılarımızdan sitatlar verərək, onları belə başlıqlar altında verirdilər: “Qardaşlar öfkəlidir”, “Azəri mətbuatından zəhər-zəmbərək sözlər”, “AKP iqtidarına təpkilər” və sair və ilaxır.
İndi tənqid növbəsi Azərbaycan hakimiyyətinə çatıb. Çünki bu dəfə məhz öz iqtidarımız, məşhur filmdə deyildiyi kimi, barıtı çox qoyub.
Söz atana sözlə, daş atana daşla cavab vermək lazımdır. Hazırda Azərbaycan iqtidarının Türkiyəyə qarşı etdikləri AKP iqtdarının Azərbaycana qarşı etdiyinə adekvat deyil, çox-çox onun üstündədir.
Anlamaq çətin deyil ki, rəsmi Ankara 24 aprel zibilindən qurtarmaq üçün gecənin bir yarısı, son anda “yol xəritəsi” adlanan niyyət protokolu qəbul etmək zorunda qaldı, təhlükəni bir illiyə sovuşdurdu. Ancaq bu, hələ sərhədin açılması demək deyil. Niyyət baş tutmaya da bilər.
Azərbaycan hakimiyyəti isə elə davranır ki, elə bil, Türkiyə ilə aranı vurmaq üçün illərlə əlverişli fürsət gözləyib və Ermənstanla sərhədin açılması məsələsi göydəndüşmə olub.
Qazln qiyməti artırılmalıydısa, bu, hələ ilin əvvəlində edilməliydi – Rusiya qara qışda Avropanı qaz sınağına məruz qoyanda.
Türk camesi bağlanmalıydısa, bu, hələ 5-6 il öncə edilməliydi – nurçular öz fəaliyyətlərini birə beş qat aktivləşdirəndə.
Hazırda qoy heç kəs camaatın başına corab hördüyünü düşünməsin. Təcrübəmiz imkan verir ki, biz ağzıəyrini boynunun dalından tanıyaq. Təmirdən təzə çıxmış camenin yenidən təmir olunması ehtiyacının haradan doğduğunu da, qazın qiymətinin qəfildən artırılmasının əsl səbəblərini də bilirik.
Bunu hamı bilir, ən azı bu istiqamətdə düşünür. Cidanıı çuvalda gizlətmək mümkün deyil.
Bu gedişlə sabah TRT-nin yayımı da hansısa bəhanə ilə dayandırıla bilər, telekanalların efirlərindən türkiyəli müğənnilərə məxsus kliplər, verilişlər tamam yığışdırıla bilər – sovet dövründəki kimi.
Belə görünür ki, Rusiyadan Avropaya, Qərbə əsən “soyuq müharibə” küləkləri Azərbaycana da sirayət edib. İlham Əliyevin 10 gün öncə Moskvada keçirdiyi görüşdən sonra Azərbaycanın Qərblə, onun yanında olan Türkiyə ilə münasibətlərindəki soyuqlaşma diqqətlərdən qaçmır.
Düzdür, biz uzun illər Dağlıq Qarabağ konfliktinin ədalətli həlli üçün Qərbdən gözlədiyimiz dəstəyi ala bilmədik, Avropa və Amerika ədalətli arbitr ola bilmədilər və bu üzdən biz onlardan, necə deyərlər, inciməkdə haqlıyıq. Ancaq Türkiyəni onlara qatmaq olmaz.
Türkiyə başqadır, bizim abimizdir. Qarabağ məsələsində həmişə və birmənalı şəkildə yanımızda olan tək dövlətdir. İndi yaxınlaşmaqda olduğumuz Rusiya ilə Türkiyə arasında bərabərlik işarəsi qoymaq düzgün olmaz.
Ermənistan o tərəfdən, Rusiya isə bu tərəfdən iki qardaşı bir-birindən ayırmaq, təkləmək istəyirlər. Gərək siyasi liderlər bunu göydə görsünlər.
Hal-qəziyyə bu cürdür. Bu gün AKP iqtidarına acıq edərək türkiyəli qardaşlarımızdan üz döndərməli deyilik. Unutmayaq ki, Türkiyədə hakimiyyətlər əbədi deyil, bəlkə də növbəti seçkilərdə Tayib bəyin iqtidarı uduzacaq və onun yerinə “can Azərbaycan” deyən qüvvələr gələcək. Ona görə də araya dəmir pərdə çəkilməməlidir. Hər kəs qardaşından inciyir, küsür, amma heç kəs düşmənə çevrilmir.
http://www.musavat.com/site/shownews.php?news_id=52075